Enron qalmaqalı ilə tarixə iz salan şirkət, batan və ya batmış kimi görünən sərvət…
Enron Amerika mənşəli nəhəng bir şirkət idi. Bu şirkətin hekayəsi 1985-ci ildə iki böyük enerji şirkəti – Natural Gas və İnterNorth adlı şirkətlərinin birləşməsi ilə başladı. Enron Apple və ya Gasprom ilə eyni uğura sahib idi. ABŞ-ın 7-ci ən böyük şirkəti olan bu şirkətin fəaliyyət sahəsi demək olar ki, bütün dünyaya yayılmışdı. Günümüzdə bazarda əsas diqqətcəlb edən sektor texnologiya olduğu kimi, o dövrdə əsas fokus enerjidə idi.
Qanuna görə, bir əyalətdən 1 dollara aldığı enerjini, digər bir əyalətə 5 dollara satmaq olardı. Bu qanunla birlikdə təbii qazın qiymətində tələb təklif balansı yarandı. Kenneth Lay-in yaratdığı bu şirkət öz dövründə bir neçə dəfə innovativ şirkət adını qazanmışdı. Enron-un innovasiyadakı uğurunun əsas səbəbi 90-cı illərdəki enerji paylanması sistemi ilə bağlı idi. Çünki o dövrdə təbii qazın paylanması əyalətin təyin etdiyi şirkətlər tərəfindən edilirdi və Kenneth Lay-in siyasi əlaqələri güclü idi və George W. Bush ilə də yaxın idi.
Bush-un Amerika prezidenti olduğu vaxtlarda yeni bir qanun çıxdı və bu qanuna əsasən, fərqli şirkətlər fərqli əyalətlərə təbii qaz tədarük edə biləcəkdi. Təbii ki, Enron bu qanundan faydalanma imkanını əldən vermir. Paylanma işində xeyli qazanc əldə edən Enron korporativ qərargahını Texas ştatının Hyuston şəhərinə köçürür.
Enron eyni modeli elektirik, internet, sığorta və reklam sahələrində də tətbiq etməyə başladı. Bununla da şirkət bir çox müqavilərə imza atdı. Bu müqavilərlədə bəzi təhriflərə yol verdi. Məsələn, A şirkəti ilə imzaladığı müqavilədə növbəti 20 ildə qazanmağı hədəflədiyi və ya gözlədiyi məbləği sənədləşmədə artıq qazanmış kimi qələmə verdi. Təbii, bu sənədlər gəlir gətirdiyi kimi, zərərə də səbəb olur. Şirkət zərərlərini tərkibində olan kiçik şirkətlərə ötürür. Mənfəəti isə özlərinə saxlayır. Nəticədə şirkətin maliyyə göstəricilərinə baxan sərmayəçilər şirkətin artan gəlir qrafikini görmüş olur. Bu isə yeni Enron üçün yeni qazanc demək idi. Sərmayələr artdıqca şirkətin birja dəyəri də artmağa davam edir. Şirkət 2000-ci ildə 101 milyon dollar gəlir əldə edir. Hətta bu gəlirinə görə 2000-ci ildə Fortune jurnalında ən innovativ şirkətlər siyahısında 1-ci yeri tutur.
Lakin 5 mart 2001-ci ildə Bethany McLean Fortune jurnalında “Enrona çox dəyər verilir?” adlı bir məqalə yazır. Bu məqalə ilə diqqətlər Enrona yönəlməyə başlayır. McLean sonradan verdiyi müsahibələrin birində məqaləni yazdığı dövrdə Enronun maliyyə vəziyyətindən xəbərdar olmadığını, araşdırma zamanı rəqəmlərin onu çaşdırdığını, hətta şirkətin tam olaraq nə ilə məşğul olduğunu anlamadığını etiraf edir.
Enronun yüksək gəlirlilik təqdimatı onun fəaliyyətindəki sirləri gizli saxlaya bilmədi. 22 oktyabr 2001-ci ildə ABŞ-ın qiymətli kağızlar və birja komissiyasının apardığı araşdırma nəticəsində məlum olur ki, Enronun 591 mln USD zərəri, 628 mln USD isə borcu var. Nəticədə 90 USD səviyyəsində olan hissə sənədləri bir aya 0.26 USD səviyyəsinə düşür.
Şirkətin qurucusu Kenneth Lay və Jeffrey Skilling məhkəməyə verilir. Lay məhkəmə nəticələri açıqlanmadan 64 yaşında infarkt keçirərək ölür. Skilling isə 24 il həbs cəzası alır. Enronun məhvi 85 min insanın işini itirməsinə, ABŞ iqtisadiyyatının 65 milyard dollar zərərə məruz qalmasına səbəb oldu.
Bu qalmaqalla bütün dünyada audit qanunları dəyişdirildi, hər ölkədə Sarbanes Oxley qanunu əsas götürüldü. Enron qalmaqalı haqqında daha ətraflı məlumat öyrənmək istəyənlər “The Smartest Guys In The Room” filmini izləyə və eyni adlı kitabı oxuya bilərlər.
P.S. Wall Street Journal-ın məlumatına görə, Jeffrey Skilling həbs cəzasını tamamlayıb və gözünü kriptovalyuta bazarlarına dikib. Deyilənə görə Skilling artıq yeni layihə üzərində çalışır. O bu layihə üçün çox həyəcanlı olduğunu və həbsdən çıxana kimi kiminsə onun ideyasını reallaşdıra biləcəyi qorxsunu yaşadığını bildirib…
Yenə yeni bir Enron qalmaqalı? 🙂